Ukrayna və Rusiya arasında həlak olan əsgərlərin cəsədlərinin sentyabrın 6-da növbəti dəyişdirilməsi baş tutub. Ukrayna həlak olan 25 qəhrəmanının cəsədini geri alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.
"Həlak olan hərbçilərin meyitlərinin təhvil verilməsi üçün növbəti əməliyyat keçirilib. Ukrayna daha 25 müdafiəçisinin cəsədini qaytarıb. Əməliyyat itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko və bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib”, - deyə məlumatda qeyd edilir.
Cəsədlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilib.
Xatırladaq ki, sonuncu cəsəd mübadiləsi avqustun 16-da baş tutub. Ukrayna o zaman həlak olan 19 hərbçinin cəsədini geri alıb.