Qazaxıstan parlamenti Məclisinin (parlamentin aşağı palatası) deputatları Respublikanın İlk Prezidenti Gününün dövlət bayramları siyahısından çıxarılmasının lehinə səs verib.
NUHÇIXAN İnformasiya Agentliyi Qazaxıstan mediasına istinadla xəbər verir ki, müvafiq dəyişikliklər “Kinematoqrafiya və mədəniyyət haqqında” bəzi qanunvericilik aktlarına düzəliş və əlavələr edilməsi haqqında qanun layihəsinə daxil olunub. Deputatlar dekabrın 1-də qeyd olunan Birinci Prezident Gününün ictimai əhəmiyyətli tarixlər siyahısından çıxarılmasını təklif ediblər.
İyun ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev əvvəllər oktyabrın 25-də qeyd edilən, lakin 2009-cu ildə bayram günləri siyahısından çıxarılan Respublika Gününə milli bayram statusunun qaytarılması təşəbbüsü ilə çıxış edib. Xatırladaq ki, 1990-cı il oktyabrın 25-də Qazaxıstanın dövlət suverenliyi haqqında bəyannamə qəbul olunub.
2011-ci ildən bu yana dekabrın 1-i Qazaxıstanda respublikanın İlk Prezidenti Günü kimi qeyd olunur. Belə ki, 1991-ci il dekabrın 1-də keçirilən seçkilərdə Nursultan Nazarbayev Qazaxıstanın ilk prezidenti seçilib.