Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Ukraynadan Avropaya taxıl və ərzaq ixracının məhdudlaşdırılması imkanını müzakirə etmək niyyətində olduğunu bildirib. Onun fikrincə, həmin taxıl ehtiyacı olan kasıb ölkələrə göndərilmir.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya mediasına istinadla xəbər verir ki, bunu Vladimir Putin Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyasında deyib.
“Biz Ukrayna taxılının ixracı üçün şərait yaratdıq. Türkiyəni vasitəçi ölkə kimi istisna etsək, Ukraynadan ixrac olunan taxılın demək olar hamısı inkişaf etməkdə olan yoxsul ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə göndərilir”, - deyə Rusiya Prezidenti bildirib.
Vladimir Putinin sözlərinə görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində 87 gəmidən yalnız ikisi yüklənib, iki milyon ton taxıldan yalnız 60 min tonu yoxsul ölkələrə ixrac edilib.
“Bu yanaşma ilə dünyada ərzaq problemlərinin miqyası yalnız böyüyəcək və görünməmiş humanitar fəlakətə səbəb olacaq. Bəlkə bu marşrutla taxıl və ərzaq ixracını məhdudlaşdırmaq barədə düşünməliyik? Mən bu məsələ ilə bağlı Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla məsləhətləşəcəyəm”, – deyə o əlavə edib.
Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. İmzalanan digər sənəd isə Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracının mexanizmini müəyyən edir. Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanan sazişlər çərçivəsində İstanbulda birgə koordinasiya mərkəzi yaradılıb. Mərkəzin nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirirlər.