KİV: "Paşinyan komandasına Azərbaycanla sülh sazişi mətni üzərində işin sürətləndirilməsini tapşırıb"
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Belçikanın paytaxtı Brüsseldə görüşdükdən sonra İrəvanda dar çərçivədə görüş keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın yerli nəşrləri yazıb.
Məlumata görə, hökumət başçısı müzakirə iştirakçılarına əldə olunan razılaşmaları ətraflı təqdim edib.
“Past” qəzetinin yazdığına görə, N.Paşinyan Azərbaycanla yekun sülh sazişinin mətni üzərində işin sürətləndirilməsini tapşırıb. Məlumatda bildirilib ki, saziş mətninin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır.
Nəşrin Xarici İşlər Nazirliyindəki mənbəsinin məlumatına görə, artıq 1 aydan çoxdur ki nazirlikdə xüsusi qrup fəaliyyət göstərir və bütün diqqət bu məsələyə yönəlib.