Sentyabrın 8-də kənd təsərrüfatı məhsullarının yükləndiyi beş gəmi Odessa limanlarını tərk edərək “taxıl dəhlizi” marşrutu üzrə hərəkətə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yayılıb. Məlumata görə, indiyədək Ukraynadan 2,4 milyon ton kənd təsərrüfatı məhsulu yüklənmiş 101 gəmi yola salınıb.
Ukrayna kənd təsərrüfatı məhsullarının 44 faizini Asiya ölkələrinə ixrac edib. Belə ki, 54 gəmi ilə 1,04 milyon ton taxıl Asiya ölkələrinə, 32 gəmi ilə 850 min ton taxıl Avropaya, 16 gəmi ilə 470 min ton kənd təsərrüfatı məhsulu isə Afrikaya daşınıb.
Qeyd edək ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı Birgə Koordinasiya Mərkəzinin nəzarət etdiyi humanitar dəhliz vasitəsilə həyata keçirilir. Mərkəzin nümayəndələri hər bir gəmini Bosfor boğazına girməzdən öncə yoxlayır və analoji tədbirlər Odessa limanlarına yüklənmə üçün gedən yük gəmilərinə də şamil olunur.