“Şimal axını-2” qaz kəmərinin operatoru “Nord Stream 2 AG” kompaniyasının iflas proseduru daha dörd ay müddətinə, 2023-cü ilin yanvarına qədər dayandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kompaniyanın bu barədə məlumatı İsveçrənin rəsmi Ticarət Bülleteninin saytında dərc olunub. Bəyanatda yer alan məlumata əsasən, İsveçrədəki Zuq şəhər məhkəməsi kreditlərin ödənilməsinə dair “Nord Stream 2 AG” kompaniyasının müvəqqəti moratoriumunu daha dörd ay - 2022-ci il sentyabrın 10-dan 2023-cü il yanvarın 10-dək uzadıb.
Xatırladaq ki, fevralın 22-də Almaniya hökuməti Rusiya-Ukrayna münaqişəsi səbəbindən “Şimal axını 2” layihəsinin sertifikatlaşmasını dayandırıb. Həmçinin ABŞ “Nord Stream 2 AG” layihəsinin operatoruna və onun rəhbərliyinə qarşı geniş sanksiyalar tətbiq edib.
“Şimal axını 2” qaz boru kəmərinin tikintisi 2021-ci il sentyabrın 10-da tam yekunlaşıb. Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər uzanan kəmərin daşıyıcılıq qabiliyyəti ildə 55 milyard kubmetrdir.