Erməni əsilli “ombudsman”dan gülünc açıqlama: Laçında tapılan minalar Birinci Dünya müharibəsinə aid ola bilər
Avropa Parlamentində ermənipərəst mövqeyi ilə tanınan deputat Peter van Dalanın təşkilatçılığı və Belçikada fəaliyyət göstərən “Avropa-Ermənistan Ədalət və Demokratiya Fondu” adlı lobbi təşkilatının təşəbbüsü ilə “Dağlıq Qarabağdakı ermənilərin hüquqları” mövzusunda tədbir keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə özünü “Dağlıq Qarabağın Ombudsmanı” kimi tanıdan Geqam Stepanyan və erməni müharibə əsirlərinin Avropa İnsan Hüquqları Məhkəməsindəki qəyyumu Siranuş Sahakyan ağlasığmaz iddialarla çıxış ediblər. Onlar Azərbaycanı dinc erməni əhaliyə hücum etməkdə günahlandırıb və bu yaxınlarda Laçında qanunsuz məskunlaşan erməni əsilli şəxslərin qovulmasını soyqırımına bərabər tutublar.
Erməni yalanlarının və şüursuzluğunun təbliğinə hesablanmış tədbir Azərbaycan tərəfindən gizli saxlanılmağa çalışılsa da, Azərbaycan həqiqətlərini Avropada təbliğ edən Xəzər Avropa İnteqrasiya və Əməkdaşlıq Təşəbbüsü (CİEİP) təşkilatının fəalları tədbirə qatılaraq erməni yalanlarını ifşa etməyə nail olublar.
Belə ki, təşkilatın fəalı Səbinə Hüseynova özünü “insan hüquqları müdafiəçisi” kimi tanıdan şəxsdən tədbirdə Qarabağın azərbaycanlı əhalisinin hüquqları barədə danışılmamasının səbəbini soruşsa da, qarşı tərəf sualdan boyun qaçırıb və konkret cavab verə bilməyib. CİEİP üzvü, həmçinin işğaldan sonrakı dövrdə Azərbaycan dövlətinin azad edilmiş ərazilərdə gördüyü quruculuq işlərini və gələcək planlarını auditoriyanın diqqətinə çatdıraraq etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının öz vətəndaşlarına bərabər səviyyədə xidmət göstərdiyini vurğulayıb.
Daha sonra təşkiların sədri Orxan Bəşirli Laçın rayonu ərazisinə qanunsuz köçürülmüş ermənilərin rayonu tərk edərkən meşələri və evləri yandırdığını, hətta ərazidən minaların tapıldığını bildirib, həmin proseslərin sülh quruculuğuna zərər vurduğunu qeyd edərək bu barədə erməni əsilli spikerlərin mövqeyini soruşub. Erməni yalanlarının havadarı Peter van Dalan bu məqamda suallara cavab verilməsini gözləmədən qəsdən tədbiri bitirib.
Qondarma “ombudsman” tədbirin sonunda Orxan Bəşirliyə yaxınlaşaraq Laçındakı minaların ermənilər tərəfindən yerləşdirilməsi barədə sübutların olmadığını bəyan edib, həmin minaların, bəlkə də, Birinci Dünya müharibəsi dövründə basdırıldığını deyib.
Laçında cəmi 28 illik tarixi olan xalqın bu dövr ərzində minaların mövcudluğundan xəbərsiz yaşaması cəfəngiyyatdır və çox gülünc səslənir. Beləliklə, CİEİP üzvləri erməni lobbisinin yalanlarını və böhtanlarını ifşa etməklə yanaşı, Azərbaycanın haqq mövqeyini müdafiə edib.