Çinin cənub-qərbindəki Siçuan vilayətində sentyabrın 5-də baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 86-ya çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, ölüm hallarının 5-i zəlzələnin baş verdiyi Qanzi Tibet muxtar prefekturasında, 36-sı isə qonşu Yaan şəhərinin Şimien rayonunda qeyd alınıb. Təbii fəlakət nəticəsində 400-dən çox şəxs müxtəlif bədən xəsarəti alıb. Onlardan təxminən 80 nəfərinin vəziyyəti ağırdır. Son məlumata əsasən, 36 nəfər itkin düşmüş hesab olunur.
Axtarış-xilasetmə və təxliyə işlərinə xeyli texnika, 9 helikopter, 10 minə yaxın canlı qüvvə, o cümlədən hərbçilər, xilasedicilər, yanğınsöndürənlər, polis əməkdaşları, tibb işçiləri, mühəndislər cəlb edilib. Bundan başqa, kommunikasiya və müşahidə peyklərindən, habelə pilotsuz uçuş aparatlarından alınan məlumatlardan da istifadə olunur.
Fəlakət bölgəsindən əhalinin təxliyəsi ərazinin dağlıq olması, zəlzələ nəticəsində avtomobil yollarının dağılması, yaşayış məntəqələrinin bir-birindən 10 kilometrlərlə aralıda yerləşməsi, habelə afterşok və yağış səbəbindən ləng gedir. Yaşayış məntəqələrini birləşdirən 13 yolda məhz bu cür vəziyyət baş verib. Bu səbəbdən xilasedicilər zəlzələnin təsirinə məruz qalmış dağlıq zonadakı təxminən 20 min sakini təxliyə edib.
Qeyd edək ki, Siçuan vilayətinin Qanzi Tibet muxtar prefekturasının Ludin rayonunda sentyabrın 5-də yerli vaxtla saat 12:52-də (Bakı vaxtı ilə 8:52) 6,8 bal gücündə zəlzələ olub. Zəlzələdən ötən müddətdə 10-dan çox afterşok qeydə alınıb. Yeraltı təkanlar nəticəsində çox sayda yaşayış binasına, fərdi evə, infrastruktura, o cümlədən kommunikasiya və elektrik xətlərinə, su kəmərlərinə, 7 su elektrik stansiyasına ciddi ziyan dəyib. Mobil rabitə operatorlarının 300-dən çox baza stansiyası, 134 kilometr uzunluğunda fiber-optik internet xətti sıradan çıxıb.
Dağlıq bölgədə baş verən zəlzələ bəzi yerlərdə torpaq sürüşməsinin və qaya axınının yaranmasına, nəticədə avtomobil yollarının bağlanmasına səbəb olub. Bu səbəbdən xilasedicilər zəlzələnin təsirinə məruz qalmış bəzi yaşayış məntəqələrinə piyada gediblər.
Xatırladaq ki, Çinin Siçuan vilayəti aktiv zəlzələ zonası hesab olunur. Burada tez-tez müxtəlif gücdə zəlzələlər qeydə alınır. Bunlardan ən dağıdıcısı isə 2008-ci ilin mayında baş verən 8 ballıq zəlzələdir. Həmin zəlzələ 70 min nəfərin ölümünə və təxminən 18 min insanın itkin düşməsinə səbəb olmuşdu.