Rəcəb Tayyib Ərdoğan: Vladimir Putindən Rusiya məhsullarının da yaradılan dəhliz vasitəsilə gəmilərlə göndərilməsini xahiş edəcəyəm
Səmərqənddə Rusiya Prezidenti Vladimir Putin ilə geniş və ətraflı görüşümüzün olacağına inanıram. Bu görüşdə əsasən taxıl dəhlizi məsələsini müzakirə edəcəyik. Düzünü desəm, mən Prezident Putinin taxılın “zəngin ölkələrə gedir, kasıblara deyil” yanaşmasını düzgün hesab edirəm. Yani, bunun bu prinsip əsasında aparılması lazımdır. Çünki, burada əsl məsələ kasıb ölkələrin bu taxıl dəhlizindən öz payını almasını və bu çətin dövrdən çıxmasını təmin etmək olmalıdır. Lakin, hazırda vəziyyət elə görünmür. Yəni, Rusiya Prezidentinin dediyi kimi, gəmilər yenə ya inkişaf etmiş, ya da inkişaf etməkdə olan ölkələrə doğru gedir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baltik ölkələrindən səfərdən dönərkən jurnalistlərə müsahibəsində bildirib.
Səmərqənd görüşü zamanı Vladimir Putindən Rusiya məhsullarının da yaradılan dəhliz vasitəsilə gəmilərlə göndərilməsini rica edəcəyini bildirən Prezident Ərdoğan deyib: “Əgər Rusiya taxılı da gəlməyə başlasa, biz burada kasıb Afrika ölkələrinə çatana qədər onların hamısını ən ideal şəkildə müəyyən bir sistemə bağlayıb, taxılı və başqa məhsulların hamısını o ölkələrə göndərəcəyik. Çünki, xüsusilə Afrikada çox çətin vəziyyətdə olan bir çox ölkə var ki, bu ölkələrə bizim qucaq açmağımız, onlara bir an əvvəl bu məhsulları göndərməyimiz lazımdır”.
Səfər barədə danışan Türkiyə Prezidenti bildirib: “Səfərin əsas müzakirə mövzusu Bosniya və Herseqovinadakı siyasi böhrana həll yolu tapmaq idi. Bu çərçivədə həmsöhbətlərimizlə məsləhətləşdik, təklif və töhfələrimizi onlarla bölüşdük. Hər üç ölkədə keçirilən biznes forumlarda iştirak etdim. Bundan əlavə, səfərlərim münasibətilə üç ölkə ilə müxtəlif sahələrdə ümumilikdə 11 müqavilə imzaladıq”.