Böyük Britaniyada sentyabr ayına planlaşdırılan böyük tətillər Kraliça II Elizabetin ölümü səbəbindən ləğv edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, poçt (Royal Mail) və dəmir yolu işçilərini təmsil edən həmkarlar ittifaqları Kraliçanın "ölkəyə və ailəsinə xidmətinə hörmət əlaməti olaraq" tətil aksiyasını dərhal dayandırdıqlarını açıqlayıblar.
Poçt işçilərinin sentyabrın 9-na planlaşdırılan tətil aksiyası və dəmiryolçularının sentyabrın 15-i və 17-də keçirmək istədikləri tətil aksiyası dayandırılıb, qatar maşinistlərinin həmkarlar ittifaqı isə entyabrın 15-nə planlaşdırılan tətili təxirə salıb.
Dəmiryol Paylama Qrupu tətillərin davam etmədiyi üçün qatarların hərəkət cədvəllərinin adi qaydada olacağını bildirib.
Xatırladaq ki, 96 yaşlı Kraliça II Elizabet sentyabrın 8-də Şotlandiyadakı Balmoral qəsrində vəfat edib.