Avropa İttifaqı ölkələrinin energetika nazirləri cümə günü Brüsseldə keçirilən təcili görüşdə Rusiya qazının alış qiyməti üçün limit qoyulmasını RF Prezidentinin ultimatumu səbəbindən razılaşdıra bilməyiblər. Belə ki, Vladimir Putin belə olacağı təqdirdə Rusiyanın qeyri-dost ölkələrə qaz ixracını tamamilə dayandıracağını deyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “The Daily Telegraph” qəzeti görüş barədə dərc etdiyi materialda razılaşmanın baş tutmamasının səbəbini belə şərh edib. Qəzet yazır ki, Avropa Komissiyasının Rusiya yanacağına “qiymət tavanı” müəyyənləşdirməsi təklifi müzakirələrin gedişində RF qazından daha çox asılı olan Aİ ölkələrinin etirazı ilə qarşılaşıb.
Avropa Komissiyası üzv dövlətlərin energetika nazirlərinin cümə günü görüşü üçün Avropada enerji böhranına cavab üzrə beş təklif hazırlayıb. Rusiya qazının qiymətini min kubmetr üçün 520 avro ilə məhdudlaşdırmaqla yanaşı, ittifaq ölkələrindən elektrik enerjisi məsrəfini son beş ilin orta aylıq göstəricisinə nisbətdə 10 faiz azaltmağın tələb olunması, istehsalı nisbətən aşağı maya dəyərinə başa gələn elektrikin qiymətlərinə limit qoyulması, habelə əhalinin ən həssas təbəqəsinə və biznes sahələrinə subsidiyalar verilməsi təklif edilib.