Türkiyə tarixinin qanlı səhifələrindən biri olan 12 sentyabr çevrilişdən 42 il ötür

A- A A+

Türkiyədə demokratiya tarixinin qanlı səhifələrindən biri olan, 1980-ci il sentyabrın 12-də baş verən hərbi çevrilişdən 42 il ötür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu hərbi çevriliş sentyabrın 12-də səhər “TRT” radiosunda səsləndirilən İstiqlal və Hərbi marşların ardından Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Kənan Evren tərəfindən imzalanan “Bir nömrəli bəyannamə”nin oxunmasından sonra başlayıb. “Bayraq hərəkatı” kimi tanınan hərbi çevriliş zamanı 1970-ci ildən sonra dəyişdirilən 1961-ci il Konstitusiyasının tətbiqi dayandırılıb və Türkiyə Böyük Millət Məclisi ləğv olunaraq antidemokratik fəaliyyətlər davam etdirilib. Qeyri-hökumət təşkilatlarını hədəfə alan inqilabçılar Türk Hava Təşkilatı, Uşaq Müdafiə Agentliyi və Qızıl Aypara Komitəsi istisna olmaqla, bütün dərnəklərin və siyasi partiyaların fəaliyyətini dayandırıblar. Baş nazir Süleyman Dəmirəl başda olmaqla, bir çox dövlət nümayəndələri Uzunadaya sürgün edilib. Türkiyənin hər baxımdan geriləməsinə səbəb olan bu çevrilişin səbəbkarları, eyni zamanda, uzun illər keçməsinə baxmayaraq, yaddaşlardan silinməyən ölüm hökmlərinin də memarı olublar.

Bu çevriliş nəticəsində Türkiyə siyasəti yenidən qurulub, ölkə böyük itkilər verib. Doqquz il davam edən yeni hərbi dövrdə 650 min nəfər saxlanılıb. Ümumilikdə hazırlanan 210 min iddianamə əsasında 230 min insan mühakimə olunub, 7 mindən çoxu üçün ölüm hökmü tələb edilib. 517 nəfərin edam cəzasına məhkum edildiyi prosesdə 50 nəfər darağacına göndərilib. Bu dövr ərzində ölkə iqtisadiyyatına təxminən 50,4 milyard dollar məbləğində zərər dəyib.

Dövlət çevrilişini törədənlərə, o cümlədən Kenan Evren və ölkənin Hava Qüvvələrinin ozamankı komandanı Tahsin Şahinkaya haqqında ilk cinayət işi 2011-ci ildə Ankara Baş Prokurorluğu tərəfindən başlanıb. Hazırlanan iddianamənin Ankara Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2012-ci il yanvarın 10-da qəbul edilməsi ilə Türkiyə tarixində ilk dəfə dövlət çevrilişində təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: