Ərdoğanın Putin və Baydenlə görüşünün gündəliyi açıqlanıb

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin və ABŞ lideri Cozef Baydenlə ikitərəfli görüşlərinin gündəliklərinin bəzi detalları açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı "CNN Turk" yayıb.

Bildirilib ki, Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində rusiyalı həmkarı ilə ikitərəfli görüş keçirəcək.

Görüşdə müzakirə olunacaq başlıca məsələnin Ukraynadakı vəziyyətlə bağlı olacağı gözlənilir. Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Ukrayna taxılının idxalının davam etdirilməsini müzakirə edəcək. Türkiyə liderinin rusiyalı həmkarına Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü yenidən təklif edəcəyi gözlənilir. Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçu PKK qruplaşmasına qarşı antiterror əməliyyatı keçirmək planını Rusiya liderinin diqqətinə bir daha çatdıracaq.

Xatırladaq ki, Şanxay Əməkdaşlığı Təşkilatının Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Səmərqənd səfirinin ardınca Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrın 17-22-də ABŞ-da səfərdə olacaq. O, sessiyada Rusiya-Ukrayna müharibəsində taxıl tədarükü, Yunanıstanla Türkiyə arasında gərginlik, terrora qarşı mübarizəyə dair ismarış verəcək.

Bu səfər çərçivəsində Türkiyə lideri ABŞ dövlət başçısı Cozef Bayden və başqa rəsmilərlə görüşəcək. Onun ABŞ lideri ilə “F-16” qırıcıları, Vaşinqtonun Suriyada terrorçu qruplaşmalara verdiyi dəstəyi, ABŞ-ın terrorçu “Suriya Demokratik Qüvvələri” ilə birlikdə keçirdiyi təlimləri, Egey dənizində Yunanıstanın təcavüzkar davranışını müzakirə edəcəyi nəzərdə tutulub.

Sentyabrın 19-da Rəcəb Tayyib Ərdoğanın Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasiminə qatılacağı da planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: