Ermənistan parlamentinin növbəti iclası deputatların olmaması səbəbindən uzanır.
NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, parlamentdə təmsil olunan 105 deputatın azı 53-ü iştirak etmədiyi üçün kvorum təmin olunmur.
Bu ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyan “Daşnaqsütyun” və “Çiçəklənən Ermənistan” partiyalarından olan nazirlərin və qubernatorların vəzifədən azad edilməsi barədə fərmanları hüquqi qüvvəyə mindikdən sonra istefa verəcəyini bildirib.
Bununla yanaşı o, istefasından sonra da konstitusiyada nəzərdə tutulduğu kimi baş nazir vəzifələrini icra edəcəyini deyib.
Ermənistan qanunvericiliyinə əsasən, hökumət başçısının istefasından sonra parlament 7 gün ərzində yeni baş nazir seçməlidir. Əgər bu müddət ərzində baş nazir seçilməsə, bunun üçün yenidən 7 günlük müddət ayrılmalıdır. Yenə də nəticə əldə olunmasa, ölkədə növbədənkənar parlament seçkiləri keçirilməlidir.
“Lakin biz xalqla birgə parlamentin yeni baş nazir seçməsinə maneə ola bilərik”, - deyə Paşinyan bildirib.
Bir qədər əvvəl Ermənistan parlamenti növbədənkənar iclasda “Milli məclisin reqlamenti barədə” qanuna ölkənin ali qanunverici orqanının buraxılmasını çətinləşdirən dəyişiklikləri qəbul edib. Nikol Paşinyan bu qanun layihəsini dəstəkləyən deputatları əksinqilabçı adlandırıb və tərəfdarlarını parlament qarşısında mitinqə toplaşmağa çağırıb.