BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli dünyanın görünməmiş qlobal fövqəladə vəziyyətlə qarşı-qarşıya qaldığını bildirib. O qeyd edib ki, təxminən 345 milyon insan aclıq təhlükəsi ilə üzləşib ki, onlardan 70 milyonu bu vəziyyətə Ukraynadakı müharibə səbəbindən düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında çıxış edən Devid Bizli dünyanın 82 ölkəsində kəskin ərzaq qıtlığının müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dünyada ərzaq böhranının dərinləşməsinə, yanacaq və gübrə xərclərinin kəskin artmasına səbəb olub.
Devid Bizli iyul ayında Ukrayna taxılının daşınması üzrə sazişə və Rusiya gübrəsini dünya bazarlarına qaytarmaq səylərinə baxmayaraq, real aclıq riskinin qaldığını bildirib.