Türkiyə tarixinin müdafiə sənayesi üzrə ən böyük layihəsi olan “Çoxməqsədli amfibiya hücum gəmisi (LHD)” çərçivəsində inşa edilən “TCG Anadolu” ictimaiyyətə təqdim edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, inşası davam edən konfiqurasiya oluna bilən çoxməqsədli amfibiya hücum gəmisinin bu ilin sonunda Türkiyənin Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.
Tam yüklənmə qabiliyyəti 27 min 436 ton olan dəniz vasitəsinin uzunluğu 231, eni isə 32 metrdir. “TCG Anadolu” Egey, Qara və Aralıq dənizlərinin əməliyyat bölgələri, lazım gəldiyi təqdirdə Hind və Atlantik okeanlarında da istifadə ediləcək.
Təqdimetmə mərasimində çıxış edən Türkiyənin müdafiə sənayesinin rəhbəri professor İsmail Demir bildirib ki, gəmidəki silah, radar və elektron döyüş sistemləri, eləcə də avionik sistemlər yerli və milli sənaye istehsalıdır.
Qeyd edilib ki, gəmi zəruri hallarda təbii fəlakətlərə yardım missiyaları çərçivəsində, eləcə də tam təchiz olunmuş xəstəxana və əməliyyat otağı imkanları ilə tibbi dəstək üçün də istifadə edilə bilər. 2019-cu ilin may ayında suya endirilən gəmidə 2022-ci ilin iyun ayından etibarən dəniz qəbulu sınaqlarına başlanılıb və bu sınaqlar hələ də davam edir.