Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin (MTDK) sədri Saymumin Yatimov və Kamçıbek Taşiyev arasında görüş keçirilib. Görüşün sonunda tərəflər hərbi qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Suqd vilayəti sədrinin mətbuat xidməti məlumat yayıb.
“Hər iki ölkənin (Tacikistan və Qırğızıstan - red.) Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri tərəfindən protokol imzalanıb. Sənədə əsasən əlavə hərbi qüvvələr və hərbi texnika daimi dislokasiya yerlərinə qaytarılacaq və sakinlərin təhlükəsizliyi təmin ediləcək”, - məlumatda deyilir.
Görüş “Güliston” sərhəd-keçid məntəqəsində baş tutub. Görüş zamanı hüquq-mühafizə orqanlarının rəhbərləri Tacikistan və Qırğızıstanın sərhədyanı rayonlarında sabitliyin təmin olunması məsələlərini müzakirə ediblər.