Kolumbiyanın nüfuzlu və geniş oxucu kütləsinə malik olan “Noticias Colombia” xəbər portalında 13 sentyabrda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı və genişmiqyaslı hərbi əməliyyatlara hazırlığı barədə məqalə dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məqalədə ilk olaraq, respublikamızın Müdafiə Nazirliyinin bəyanatına istinad edilərək, Ermənistan silahlı qüvvələrinin bölmələrinin iki ölkənin dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdiyi, müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirdiyi barədə məlumat verilib. Həmçinin, Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan intensiv atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin heyəti arasında itkilərin olduğu, hərbi infrastruktura ziyan dəyməsi qeyd olunub.
Məqalədə, Ermənistanın 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına əməl etmədiyi və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı və beləliklə regionda normallaşma və sülh proseslərini müxtəlif bəhanələrlə gecikdirdiyi bildirilib.
Məqalədə, ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovla müsahibəyə istinad edilərək, Azərbaycan hökumətinin Ermənistan tərəfindən regionda ağır texnika və iri çaplı texnikanın yerləşdirilməsi ilə bağlı narahatlığı ifadə olunub və bunun İrəvan tərəfindən genişmiqyaslı hərbi əməliyyatlara hazırlığın göstəricisi olduğu qeyd edilib.
Həmçinin vurğulanıb ki, Ermənistan dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə əməl edərək, işğalçılıq siyasətindən əl çəkməlidir.
Məqalədə keçmiş münaqişənin tarixi barədə suala cavab olaraq, Ermənistanın BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinə heç bir zaman məhəl qoymadığı, 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycanın 30 illik işğala son soyaraq öz torpaqlarını azad etdiyi, hazırda isə 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmasının təmin edilməsi məqsədilə, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işlərinin aparıldığı, həmçinin, ölkəmiz tərəfindən sərhədlərin delimitasiyası və demarkasiyası, habelə regionda kommunikasiyaların açılması, habelə sülh sazişinin imzalanması üçün konstruktiv addımların atıldığı barədə məlumat verilir, lakin buna baxmayaraq, Ermənistanın müxtəlif təxribatlarla bu addımların həyata keçirilməsinə mane olduğu vurğulanıb.