Qazaxıstanda noyabrın 20-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri üçün namizədlərin irəli sürülməsi prosesi sentyabrın 23-də başlayacaq və oktyabrın 11-i yerli vaxtla saat 18:00-dək davam edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının iclasında bildirilib.
Daha sonra MSK üzvləri iclasda seçkiqabağı təşviqatın aparılması ilə bağlı müvafiq planı təsdiq ediblər. Həmçinin seçkilərdə xarici müşahidəçilərin iştirakını ölkənin Xarici İşlər Nazirliyinin təşkil edəcəyi vurğulanıb.
Qeyd edək ki, sentyabrın 1-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı bu ilin payızında prezident postuna, 2023-cü ilin birinci yarısında parlamentin aşağı palatasına və yerli nümayəndə orqanlarına növbədənkənar seçkilərin keçiriləcəyini elan edib. Prezident, həmçinin sentyabrın 17-də dövlət başçısının səlahiyyət müddətini təkrar seçilməmək şərti ilə 7 ilədək uzadılmasını ehtiva edən konstitusiya dəyişikliyini təsdiqləyib. Dünən isə dövlət başçısı növbədənkənar prezident seçkilərinin noyabrın 20-nə təyin olunması barədə fərman imzalayıb.