Türkiyənin Milli Kəşfiyyat Təşkilatı tərəfindən ölkə sərhədinə yaxın bölgədə keçirilən əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının iki üzvü ələ keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlardan biri “Dövlətin birliyini və ölkənin bütövlüyünü pozma” cinayətinə görə qırmızı bülletenlə axtarışda olan PKK/KCK üzvü Atilla Çiçək (kod adı Leheng), digəri isə təşkilatın guya məsul şəxslərindən biri olan Hüseyn Yıldırımdır (kod adı Alişer).
Terrorçular Türkiyəyə ekstradisiya olunublar.
Qeyd edək ki, Türkiyənin Tunceli vilayətində 2012-ci il sentyabrın 25-də altısı hərbçi, biri mülki vətəndaş olmaqla qətlə yetirilən yeddi nəfərin öldürülməsində, eləcə də 2020-ci il avqustun 29-da Ağrının Doğubəyazıt rayonunda Türkiyə Silahlı Qüvvələrinin iki üzvünün şəhid olduğu bombalı hücumun səbəbkarları arasında yer alan Atilla Çiçəyin Suriya və İranda, Hüseyn Yıldırımın isə Suriya və İraqda təşkilatın məsul üzvü səviyyəsində fəaliyyət göstərdikləri müəyyən edilib.