Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Koroviy Yar və Xarkov vilayətinin Kupyansk-Vuzlovı kəndlərini Rusiya qoşunlarından azad edib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “İnterfaks Ukraina”ya istinadən xəbər verir.
“Koroviy Yar bizimdir”, - Ukrayna Silahlı Qüvvələrinin zabiti Sergey Neşadım tviter hesabında yazıb.
Eyni zamanda, zabit qeyd edib ki, Koroviy Yarın azad edilməsi ilə bağlırəsmi məlumat açıqlana bilər.
O, ukraynalı hərbçilərin Koroviy Yar ərazisinə daxil olmasının, qəsəbənin adı yazılmış lövhənin yanından keçdiyini əks etdirən videonu da yayıb.
Eyni zamanda Xarkov vilayətinin Kupyansk-Vuzlovı kəndinin də azad edilməsi təsdiqlənib.
Bu barədə isə Ukrayna Müdafiə Nazirliyi tviter hesabında bildirib.
Qeyd edilir ki, Ukraynanın şərqindəki ən böyük dəmir yolu stansiyalarından biri burada yerləşir. Rusiya hərbçiləri buradan özlərinin təchizat yolu kimi istifadə ediblər.
“Xarkov vilayətində hücumlar davam edir”, - nazirlik qeyd edib.
Bundan əlavə, çərşənbə axşamı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “KRAKEN” xüsusi təyinatlılarının Kupyansk-Uzlovoy qəsəbəsini azad etdiyini bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu il fevralın 21-də Ukraynanın inzibati sərhədləri daxilində qondarma “Donetsk” və “Luqansk” xalq respublikalarının müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.
2022-ci il fevralın 24-də V.Putin televiziya ilə çıxışında Ukraynanın şərqindəki Donbasda “xüsusi hərbi əməliyyatın” başladığını elan edib. Bundan sonra Rusiya-Ukrayna müharibəsi başlayıb.