Oktyabrın 5-də 2018-ci il üçün Nobel Sülh Mükafatı laureatının adı elan ediləcək.
NUHÇIXAN Norveç Nobel Komitəsinə istinadən xəbər verir ki, Laureatın adı Osloda xüsusi tədbirdə rəsmi şəkildə elan ediləcək. Bu mükafatı təsis etmiş Alfred Nobelin vəsiyyətinə görə Sülh Mükafatı sülhün bərqərar olması işində ən böyük müvəffəqiyyətlərə nail olmuş şəxsə verilməlidir, lakin son illərdə mükafat bu istiqamətdə işi aparan təşkilatlara da verilir.
Nobel Fondunun Nizamnaməsinə əsasən, laureatları Norveç parlamenti tərəfindən təyin edilən Norveç Nobel Komitəsi seçir. Namizədlərin seçilməsi prosesi və nominantların siyahısı ciddi sirr kimi saxlanır. Ənənəyə görə, Nobel Fondu seçim edilməsi üçün əsas olmuş sənədləri yalnız mükafatların təqdim edilməsi vaxtından 50 il sonra elan edə bilər.
Xatırladaq ki, 2017-ci ildə nüvə silahının qadağan edilməsi uğrunda beynəlxalq şirkət (ICAN) nüvə silahının hər hansı şəkildə istifadəsinin faciəli nəticələrə diqqətin cəlb edilməsi üçün səylərinə və sazişlərin köməyi ilə belə silahları qadağan etmək cəhdlərinə görə Nobel Sülh Mükafatı laureatı olub. Onda Nobel Komitəsi bu təşkilatın işinin nəticəsini yox, amma onun səylərini və fəaliyyətini qiymətləndirmişdi.