“Şimal axını-1” və “Şimal axını-2” kəmərlərinin zədələnməsi nəticəsində boruda olan qazın yarısından çoxu atmosferə sızıb
Danimarkada aparılan hesablamalara görə, “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin zədələnməsi nəticəsində, boruda olan qazın yarısından çoxu atmosferə sızıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Danimarka rəsmiləri qazın yarıdan çoxunun atmosferə daxil olduğunu təsdiqləyiblər.
Danimarka Enerji Agentliyinin direktoru Kristoffer Botzau mətbuat konfransında deyib: "Biz boruların bazar gününədək tam boşalmasını gözləyirik".
Botzaunun sözlərinə görə, borulardan sızmaların səbəbi çox güman ki, təxribatdır. “Bu səbəbdən enerji hazırlığı səviyyəmizi narıncıya qaldırdıq. Bu, ikinci ən yüksək səviyyədir”, - deyə agentliyin direktoru bildirib.
Eyni zamanda, Danimarka və Qrenlandiya Geoloji Xidmətinin idarəedici direktoru Flemminq Larsen hadisə yerində bir neçə partlayışın baş verdiyini elan edib.
Danimarka rəsmilərinin fikrincə, qazın atmosferə buraxılması yaxınlıqdakı ərazilərin sakinləri üçün sağlamlıq riski yaratmır, lakin cari risklər daim qiymətləndirilir.
Qeyd edək ki, İsveçin “SEPO” təhlükəsizlik xidməti partlayışlar və daha sonra boru kəmərlərində qaz sızması ilə bağlı araşdırmalara başladığını elan edib.