Belarus Respublikasının İrəvandakı səfiri Aleksandr Konyuk xarici işlər naziri Vladimir Makeyin ABŞ Konqresi nümayəndələr palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri ilə bağlı sözlərinə görə Ermənistan XİN-nə çağırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan xarici siyasət idarəsinin mətbuat katibi Vaan Unanyan bildirib.
“Belarusun Ermənistandakı diplomatik missiyasının rəhbəri XİN-ə dəvət olunub və burada ona erməni tərəfinin yuxarıda qeyd olunan bəyanatla bağlı narahatlığı və mülahizələri çatdırılıb”, - mətbuat katibinin cümə günü idarənin saytında yerləşdirilən bəyanatında belə deyilir.
Belarusun xarici işlər naziri Vladimir Makey ötən həftə Nensi Pelosinin səfərini şərh edərkən bildirmişdi ki, belə səfərlər bu və digər münaqişəni aradan qaldırmağa kömək etmir, əksinə, onu daha da kəskinləşdirir.