Kiyev sakinlərindən COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar ictimai yerlərdə və nəqliyyatda maska taxmağa qayıtmaq xahiş olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.
Paytaxt rəhbərliyi vətəndaşları ictimai nəqliyyatda, ziyarətçilərə xidmət göstərən yerlərdə və təhsil müəssisələrində maska və ya respirator taxmağa çağırır. Müəssisələrdən təhlükəsizlik məsafəsi saxlamaları xahiş olunur.
"Sahibkarlardan ziyarətçilər arasında ən azı 1,5 metr məsafə saxlamaq üçün işarələməni yeniləmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Kiyevdə COVID-19-a yoluxma halları durmadan artır. Ötən həftə, sentyabrın 26-dan oktyabrın 2-dək paytaxtda koronavirusa 2515 yoluxma faktı aşkarlanıb, 242 nəfər xəstəxanalara yerləşdirilib, 22 nəfər ölüb.
"Unutmayın ki, koronovirusa qarşı ən etibarlı qorunma peyvənddir", - Kiyev Meriyası məlumatda qeyd edib.