Ukrayna iqtisadiyyatı artıq 8 aydır davam edən müharibə nəticəsində bu il 35 faiz aşağı düşəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dünya Bankının dərc etdiyi proqnozlarda deyilir. Müharibənin gedişində fabriklər və kənd təsərrüfatı təyinatlı torpaqlar dağıdılıb, milyonlarla ukraynalı öz doğma ocaqlarını tərk etməyə məcbur olub. 189 ölkədə fəaliyyət göstərən Dünya Bankının hesablamalarına görə, ölkənin bərpası azı 349 milyard dollara başa gələcək ki, bu da Ukraynanın müharibəyəqədərki iqtisadiyyatının həcmini 1,5 dəfə üstələyir.
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Anna Byerde deyib: “Ukraynanın əvvəlki kimi iri maliyyə dəstəyinə, eləcə də infrastrukturun bərpası və rekonstruksiyası üzrə layihələrə ehtiyacı var”.
Bununla yanaşı, Dünya Bankının Ukrayna iqtisadiyyatı barədə yeni proqnozu iyun ayında proqnozlaşdırılan 45,1 faizlik sərbəst enmə ilə müqayisədə göstəricilərin yüksəlməsinə dəlalət edir. Ukrayna iqtisadiyyatının 3,3 faiz yüksələrək 2023-cü ildə artıma qayıdacağı gözlənilir. Hərçənd, artım perspektivi müharibənin gedişindən asılı olacaq.
Bu arada qərb sanksiyalarından zərər çəkmiş Rusiya iqtisadiyyatının hər iki ildə - 2022-ci ildə 4,5 faiz, gələn il 3,6 faiz azalacağı gözlənilir. Dünya Bankı iyun ayında proqnozlaşdırmışdı ki, bu il Rusiya iqtisadiyyatının vəziyyəti daha pis olacaq: 8,9 faiz azalma gözlənilir. Lakin Rusiya iqtisadiyyatının dayanıqlı olması aşkara çıxdı. Buna neftin və təbii qazın qiymətinin artması kömək oldu. Bankın məlumatına görə, Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan iqtisadiyyatı bu il yekunda 0,2 faiz azalacaq və 2023-cü ildə cəmi 0,3 faiz artacaq.
Bankın Cənub-Şərqi Avropa və Mərkəzi Asiyanın 23 ölkəsi üçün iqtisadi dəyərləndirməsi Dünya Bankının hələ iyunda 2022-ci il üçün proqnozlaşdırdığı 2,9 faiz azalma ilə müqayisədə yaxşılaşıb. Yenilənmiş proqnoz koronavirus pandemiyasının iqtisadi fəsadlarına qarşı mübarizə üçün əvvəldən nəzərdə tutulan iqtisadiyyatın stimullaşdırılması üzrə dövlət proqramlarının genişlənməsini qismən əks etdirir. Lakin 2023-cü il üçün perspektivlər bankın 1,5 faizlik regional artım barədə əvvəlki proqnozundan geri qalır.