Türkiyə Gürcüstana NATO standartlarına uyğun yeni zirehli transportyorlar verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “ASFAT” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, Gürcüstanın Müdafiə Qüvvələrinə NATO standartlarına uyğun yeni zirehli transportyorlar çatdırılacaq.
Gürcüstana veriləcək zirehli transportyorlar öz avadanlığı və alt sistemləri ilə NATO standartlarına uyğun olacaq.
Gürcüstan müdafiə qüvvələrinin sözügedən zirehli transportyorlarla təchiz edilməsi Gürcüstanın müdafiə qabiliyyətinin güclənməsinə, həmçinin Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, 2019-cu ildə Türkiyə və Gürcüstan hökumətləri hərbi-maliyyə sahəsində əməkdaşlığa dair müqavilə imzalayıblar. Sənəddə Gürcüstan Müdafiə Nazirliyinə 5 il müddətinə 100 milyon lari həcmində qrant ayrılması nəzərdə tutulub.