Misirin Süveyş kanalından gəlirləri bu ilin üçüncü rübündə ötən illə müqayisədə 23,5 faiz artaraq 2,1 milyard dollara çatıb. Bu, indiyədək qeydə alınan ən yüksək rəqəmdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Misir Nazirlər Kabinetinin İnformasiya Mərkəzinin məlumatına görə, bu artım avqustda ən yüksək həddə çataraq 744,8 milyon dollar təşkil edib. İyul-sentyabr aylarında Süveyş kanalından 6252 gəmi keçib, ümumi xalis yük keçidi isə 372,7 milyon ton olub. Sentyabr ayında gəlirlər təxminən 22 faiz artaraq 683,2 milyon dollara çatıb.
Ötən ilin eyni dövründəki 1856 gəmi ilə müqayisədə cari ilin üçüncü rübündə kanaldan hər iki istiqamətdə 2000-dən çox gəmi keçib ki, bu da 9,1 faiz artım deməkdir. Ümumi xalis faydalı yük əmsalı ötən ilin sentyabrındakı 112 milyon tona qarşı 120 milyon tona çatıb.
Süveyş kanalından gəlirlərin artması hazırda valyuta böhranı ilə qarşılaşmış Misir hökuməti üçün mühüm amildir. Əldə olunan vəsaitin bir hissəsi kanalın rekonstruksiyasına və ətraf zonada yaşıl enerji istehsalının genişləndirilməsinə xərclənir.