“Rusiya ilə Ukrayna arasındakı müharibə uzandıqca durum daha da mürəkkəbləşir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, İstanbul razılaşmasından sonra tərəflər sürətlə danışıqlar masasından uzaqlaşmağa başladılar: “Ardınca hər iki tərəf qələbə qazanmaq istədi. Rusiya əvvəlcə bəzi bölgələrdə irəliləyişə nail oldu. Sonra Ukrayna əks-hücuma başlayıb, Liman şəhərini azad etdi. Balans dəyişdikcə durum da gərginləşir”.
XİN başçısı söyləyib ki, İstanbulda tərəflər sülhə yaxın idilər: "Amma bu fürsət əldən verildi".
M.Çavuşoğlunun sözlərinə görə, hər iki tərəfdən itkilər daha da çox olacaq: “Qış yaxınlaşdıqca şərtlər də çətinləşəcək. Ona görə də daha fərqli silahlardan istifadə edilə bilər”.
XİN başçısı, həmçinin deyib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski artıq ikitərəfli görüş barədə düşünmürlər: “İlhaq, həmçinin qismi səfərbərlik durumu daha da çətinləşdirdi”.