Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ərzaq təhlükəsizliyini təmin etmək üçün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) iştirak edən ölkələr arasında “yaşıl dəhlizlər” yaratmağı təklif edib.
NUHÇIXAN İnformasiya Agentliyi Kazinform agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti bu fikri AQEM-in 6-cı Zirvə Toplantısında səsləndirib.
“Biz mühüm məhsulların milli standartlara uyğunluğunun qiymətləndirilməsi üçün vahid yanaşmalar hazırlamalı, həmçinin bu kateqoriyalı mallar üçün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə üzv dövlətlər arasında “yaşıl dəhlizlər” təşkil etməliyik”, - deyə Kasım-Jomart Tokayev bildirib.
Qazaxıstan Prezidenti qeyd edib ki, “AQEM məkanında ərzaq təhlükəsizliyinin təminatı üçün real işlək mexanizm yaratmaq vacibdir”. Onun sözlərinə görə, Asiya dünya kənd təsərrüfatı məhsullarının üçdəiki hissəsini istehsal etdiyi halda, bu sahədə zəif olaraq qalmaqda davam edir.