Ümumdünya Vəhşi Təbiət Fondu olduqca məyusedici “Canlı planet” hesabatını dərc edib. “Express” yazır ki, hesabatda deyilənə görə, planetdə vəhşi təbiət amansızcasına yox olur, bu da bütövlükdə Yer kürəsində həyatı təhlükə altına qoyur.
Tədqiqatçılar 2022-ci il hesabatını tarixin ən əhatəli hesabatlarından biri hesab edirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bu il alimlər 2020-ci ilin hesabatı ilə müqayisədə 800-dən çox yeni növ və 11 mindən bir qədər çox yeni populyasiya əlavə ediblər.
“Canlı planet” hesabatı London Zooloji Cəmiyyətinin müvafiq İndeksinin məlumatlarına əsaslanıb və dünyaya parlaq perspektivlər açmır. Hesablamalara əsasən, təkcə son 50 ildə bütün planetdə vəhşi heyvan populyasiyaları ümumilikdə 69 faiz azalıb. Lakin bəzi ayrı-ayrı populyasiyalarda bu göstərici hətta 90 faizdən çoxdur.
Ümumdünya Vəhşi Təbiət Fondunun tədqiqatçılarının fikrincə, planet fəlakət astanasındadır. İqlim və təbiət böhranları — bu, heç də yeni texnologiyaların köməyi ilə həll edilə biləcək uzaq təhdidlər deyil. Faktiki olaraq Yer kürəsinin təbiəti artıq diz üstə çöküb və insan fəaliyyəti fəlakətli nəticələrə gətirə bilər.