NUHÇIXAN xəbər verir ki, İrəvanda keçmiş deputatlar arasında atışma olub. Ölənlər var. Vanadzorda isə evsiz vətəndaşlar yenidən aksiyaya başlayıblar. Şəhər administrasiyası qarşısında toplaşan etirazçılar 30 ilə yaxındır müvəqqəti məskunlaşdıqları baraklardan köçürülmələrini tələb edirlər. Narazı vətəndaşların sözlərinə görə, 1988-ci ildə Spitakda baş verən zəlzələdən sonra evləri dağılıb. Onlar ağacdan tikilmiş yaşayış yerlərində məskunlaşmağa məcbur olublar. Bu evlər isə 1926-ci il zəlzələsindən sonra inşa edilən müvəqqəti tikililərdir. Bəzi baraklarda bir neçə ailə məskunlaşmalı olub. Etirazçılar deyirlər ki, artıq ağac evlər istismar müddətlərini başa vurub. Belə şəraitdə yaşamaq isə qeyri mümkündür.
Aksiya iştirakçılarından Ovanes Qriqoryan deyir ki, qəza səbəbindən müvəqqəti məskunlaşdığı evi də tərk etməli olub. İndi qalmağa yeri yoxdur.
Ermənistan mətbuatı yazır ki, hazırda Lori vilayətində də 5000-ə yaxın evsiz ailə var. Onların köçürülməsi ilə bağlı məsələ isə Ermənistan hökumətinin perspektiv planında hələ ki, yoxdur. Maddi vəziyyəti aşağı olan bu insanların ev almağa imkanları çatmır. Bir müddət əvvəl mövcud vəziyyəti kəskin tənqid edən erməni diasporu Ermənistan hökumətini fırıldaqçılıqda ittiham edir. Çünki xaricdə yaşayan ermənilər Gümrüdə zəlzələdən zərərçəkənlərə ev tikmək üçün 250 milyon dollar vəsait toplayıblar. Bu pulların isə hara xərcləndiyi hələ də məlum deyil. İrəvanda isə keçmiş deputatlar arasında atışma olub. İnsidentin biznes münaqişəsinə görə baş verdiyi bildirilir. Məlumata görə, atışma zamanı “Çiçəklənən Ermənistan” partiyasının keçmiş deputatı Karo Karapetyan qətlə yetirilib. Karapetyanı güllələyən elə onun öz həmkarı, “Karameli Arut” ləqəbli Arutyun Qaragözyandır. O da, “Çiçəklənən Ermənistan” partiyasından deputat olub. Qaragözyan keçmiş həmkarını öldürdükdən sonra özünə atəş açaraq intihar edib.