ABŞ Kosmik Agentliyinin (NASA) “Voyager-2” kosmik aparatı ulduzlararası sahənin sərhədlərinə yaxınlaşır. NUHÇIXAN “Naukatv” resursuna istinadən xəbər verir ki, məlumata görə, “Voyager-2” peyki 20 avqust 1977-ci ildə Günəş sisteminin uzaq planetlərinin tədqiqi üçün “Voyager” proqramı çərçivəsində buraxılıb. Bu, Uran və Neptuna çatan ilk və yeganə aparatdır. “Voyager-2” səyahət etdiyi illər ərzində təxminən 17,7 milyard km uçub ki, bu da Yerdən Günəşədək olan məsafəni 118 dəfə üstələyir. “NASA” nümayəndələri bildirib ki, aparat tərəfindən Günəş sisteminin kənarında mövcud olan kosmik şüaların enerjisinin artımı qeydə alınıb. Bu isə ondan xəbər verir ki, aparat heliosferin (heliosphere) sərhədlərinin sonuna yaxınlaşıb. “Voyager-2” onun kənarından çıxdıqdan sonra insan tərəfindən yaradılan ulduzlararası sahəyə daxil olan ikinci obyekt (“Voyager-1” aparatından sonra) olacaq. Qeyd olunur ki, avqustun sonundan “Voyager-2” peykinin detektorları tərəfindən aparata düşən kosmik şüaların sürətinin avqustun əvvəli ilə müqayisədə 5 faiz artdığı müşahidə edilib. Şüaların bir qisminin heliosferlə bloklanması ilə əlaqədar olaraq mütəxəssislər aparatın heliosfer sərhədlərinə yaxınlaşdığı və keçdiyi zaman kosmik şüaların artımını qeydə alacağını gözləyirlər. Lakin missiya qrupunun üzvləri vurğulayır ki, kosmik şüaların güclənməsi zondun heliopauza (Heliopause) sərhədini keçməyə hazırlaşması kimi başa düşülməməlidir.