Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 100 milyard kubmetrə çatıb. Anbarların maksimal tutumu təxminən 108 milyard kubmetrdir.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, təcili ehtiyac yaranarsa, yeraltı anbarlardakı aktiv qazla yanaşı, bufer qazının (təzyiqin saxlanması üçün istifadə edilən və satış üçün nəzərdə tutulmayan qaz) bir hissəsinin də götürülə biləcəyi istisna olunmur.
Yaxın günlərdə Avropa ölkələri anbarların qazla doldurulmasından onun götürülməsi mərhələsinə keçməlidir. Keçidin orta müddəti oktyabrın 20-nə təsadüf edir. Hazırda havanın temperaturu kifayət qədər mülayim olunduğundan bu proses hələ başlamayıb. Tarixdə keçidin daha gec baş verdiyi vaxtlar olub. 2013-cü ildə keçid noyabrın 4-də başlayıb.
Avropada təbii qazın qiymətləri
“WindEurope” assosiasiyasının məlumatına görə, bu həftənin ilk üç günündə külək generasiyası Avropa İttifaqında enerji balansının 17,8 faizini təmin edib. Ötən həftə isə bu göstərici 14,7 faiz olub.
Avropada yaxınlaşan soyuq hava fonunda qazın qiyməti sistematik artım trayektoriyasına daxil olub. Ötən həftə sonu Niderlandın TTF habında min kubmetr qazın tədarük müqaviləsi 597 dollara qədər ucuzlaşsa da, hazırda qiymət 22 faiz artaraq 693 dollara çatıb.
Yaponiya, Cənubi Koreya, Çin və Tayvana çatdırılan yüklərin bazar dəyərini əks etdirən Asiya “JKM Platts” indeksi üzrə ən bahalı fevral fyuçersləri hazırda 1261 dollar dəyərindədir.