Misirin Təhsil Nazirliyi “TikTok” sosial şəbəkəsi ilə bağlı məktəblərə və müəllimlərə xəbərdarlıq edib
Son aylar “TikTok” sosial şəbəkəsində uşaqların nəfəsini tutaraq intihar etməsi ilə nəticələnən təhlükəli oyunlarla bağlı Misir cəmiyyətində ciddi narahatlıq yaranıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Əl Əhram” qəzetində istinadla xəbər verir ki, bu ölkənin Təhsil Nazirliyi “Blackout” adlanan bu oyunun şagirdlər arasında yayılmasının faciəli fəsadları ilə bağlı məktəblərə və müəllimlərə xəbərdarlıq edib.
Misirin Təhsil Nazirliyinin bu cür oyunlarda iştirak edən şagirdlərə diqqət olunmasını ehtiva edən müraciətdə qeyd edilib ki, təhsil ocaqları potensial faciələrin qarşısını almaq üçün valideynlərlə sıx təmasda olmalıdır.
Məktəbli formasında olan dörd qızın bu təhlükəli oyunda iştirakını əks etdirən videonun yayılması Misir cəmiyyətini də narahat edib. Qızlardan biri huşunu itirənə qədər nəfəsini tutub, bundan sonra üç rəfiqəsi onu ayılda bilib. Özəl məktəbdən bir qrup oğlanın iştirak etdiyi oyunun videosunun skrinşotları da yayılıb.
Hazırda “Tiktok”da uşaq və yeniyetmələri hədəf alan təhlükəli videolar dünyanın hər yerində valideynlər tərəfindən böyük narahatlıqla qarşılanır.
“Qaranlıq” adlanan təhlükəli oyun isə ilk dəfə bu sosial şəbəkədə 2021-ci ildə ortaya çıxıb. Həmin ildə iştirakçılar şərflərlə özlərini boğublar. Ötən il Misir parlamenti və Əl-Əzhər dini qurumu bununla bağlı xəbərdarlıq etmişdi.