Böyük Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak Mühafizəkarlar partiyasının lideri və Böyük Britaniyanın Baş naziri postu uğrunda mübarizəyə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Britaniya mediasına istinadla xəbər verir ki, 42 yaşlı siyasətçi bunu bazar günü tviter hesabında elan edib.
"Böyük Britaniya böyük ölkədir, lakin biz dərin iqtisadi böhran keçiririk. Ona görə də mən Mühafizəkarlar partiyasının lideri və sizin gələcək Baş naziriniz postuna namizədliyimi irəli sürürəm. İqtisadiyyatımızdakı problemləri həll etmək, partiyamızı birləşdirmək və ölkəmizə xidmət göstərmək istəyirəm”, – deyə Sunak bildirib.
Onun seçki kampaniyasında rəqibləri Britaniya parlamentinin İcmalar Palatasının lideri Penni Mordont və gözlənildiyi kimi, sabiq Baş nazir Boris Conson olmalıdır. Namizəd parlament səsverməsinin növbəti raunduna keçmək üçün fraksiyadakı 357 həmkarının 100-dən çoxunun səsini toplamalıdır. “Sky News”un məlumatına görə, Rişi Sunak hələlik bu səddi adlayan yeganə namizəddir. Öz növbəsində, niyyətləri ilə bağlı hələ açıqlama verməyən Boris Conson 57 tori deputatı tərəfindən açıq şəkildə dəstəklənib. Penni Mordont isə mühafizəkarın parlamentdəki fraksiyasının 23 üzvünün dəstəyini alıb.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də istefa verdiyini bildirib. O, hökumətə cəmi 45 gün rəhbərlik edib ki, bu da Birləşmiş Krallıq tarixində ən qısa müddətdir.