Ukraynanın dövlət büdcəsinin 60 faizi müdafiə xərclərinə yönəlir, büdcə kəsirinin bərpası üçün Kiyevin vəsaitə ehtiyacı var.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal bu barədə Ukraynanın bərpası ilə bağlı Berlində keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Dövlət büdcəsinin 60 faizi müdafiəyə, 16 faizi sosial ehtiyaclara yönəldilib. Səhiyyə və təhsil xərcləri də böyük vəsait tələb edir. Həmçinin son vaxtlar sürətli bərpa işlərinə 125 milyon avro ayıra bilmişik. Bu, dağıdılan obyektlərin yalnız 5 faizinə kifayət edir”, - deyə Denis Şmıqal bildirib. O, müharibənin bitməsini gözləmədən bərpa işlərinə başlamağın vacibliyini vurğulayıb.
Baş nazirin sözlərinə görə, Ukrayna bütün beynəlxalq tərəfdaşlarla birlikdə bərpa prosesinə rəhbərlik edəcək. “Bizim islahatlar ofisimiz Ukraynanın bərpası planı üçün təkliflər toplayır”, - deyə Ukrayna hökumətinin rəhbəri əlavə edib.