Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft kompaniyası 1,5 milyard dollar həcmində dünyanın ən böyük davamlı inkişaf fondunu işə salıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Saudi Aramco” kompaniyasının Baş direktoru Amin Nasser Gələcək İnvestisiyalar Təşəbbüsünün Ər-Riyad şəhərində keçirilən altıncı konfransında çıxışı zamanı bildirib. O deyib ki, fond iqlim dəyişikliyi ilə mübarizə sahəsində istifadə olunacaq texnologiyaların inkişafına yönələn “startup”ları dəstəkləyəcək.
Amin Nasser, həmçinin enerjinin sürətli keçidi ilə bağlı çağırışları da tənqid edib. “Energetika sektorunun transformasiyası ilə bağlı hazırkı planlar real deyil. Biz bu gün mövcud olan alternativ enerji mənbələrinin tələbata cavab vermədiyini başa düşməliyik. Hökumətlər mövcud texnologiyaların inkişafı və paralel olaraq alternativ enerji mənbələri üzərində çalışmalıdır”, - deyə kompaniya rəhbəri vurğulayıb.
Baş direktor “Saudi Aramco” kompaniyasının 2014-cü ildən bəri enerji layihələrinə 700 milyard dollar xərclədiyini və bu məqsədlə daha 300 milyard dollar ayıracağını deyib.
Qeyd edək ki, Gələcək İnvestisiyalar Təşəbbüsünün oktyabrın 25-də Səudiyyə Ərəbistanının paytaxtında işə başlayan altıncı konfransı oktyabrın 27-dək davam edəcək. Tədbirə 6 minə yaxın kompaniya rəhbəri, siyasətçilər, sərmayədarlar və sahibkarlar qatılıb.