Türkiyənin “Baykar” şirkəti Ukraynada dron istehsalı zavodunun tikintisini iki ilə başa çatdırmağı planlaşdırır
Türkiyənin “Baykar” şirkəti Ukraynada dron istehsalı zavodunun tikintisini iki il ərzində başa çatdırmağı planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyi “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin baş icraçı direktoru Haluk Bayraktar məlumat verib.
“Planımız həyata keçirilir. İndi bizim memarlıq layihəmiz var. Ətraflı dizayn mərhələsi başa çatıb və tikintinin özünə keçəcəyik. İki il ərzində biz bunu başa çatdırmaq istərdik”, - deyə Haluk Bayraktar əlavə edib.
O, həmçinin qeyd edib ki, “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçuş aparatları istehsal edən şirkət bu il keçən illə müqayisədə təxminən 50 faiz çox, təxminən 1 milyard dollar ixrac gəliri əldə edəcək. Bayraktarın sözlərinə görə, şirkət əldə etdiyi vəsaiti istehsal xətlərinin genişləndirilməsinə yatıracaq.
“TB2 istehsal gücümüz ayda 20 ədəddir. 2023-cü il üçün hədəfimiz ayda ən azı 30 ədəd etməkdir”, - deyə Bayraktar bildirib.
O, həmçinin əlavə edib ki, TB2-nin qısa uçuş-enmə zolağına uyğunlaşdırılmış versiyası olan TB3 dronunun sınaqları 2023-cü ilin sonuna qədər başa çatacaq.