Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilib.
Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mərasimdə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak ediblər.
Açılış mərasimindən əvvəl ictimaiyyətə təqdim olunan zavod ümumilikdə 1,2 milyon kvadratmetr sahədə inşa edilib ki, onun da 230 min kvadratmetri qapalı sahədir. 2020-ci ildə təməli qoyulan zavodun inşası iki ilə tamamlanıb. Tikintisində ümumilikdə 9700 nəfərin iştirak etdiyi müəssisədə montaj mərkəzi, prototip inkişaf, istifadəçi sınaq parkı kimi bir çox bölüm var.
Müəssisənin illik istehsal gücünün 175 000 ədədə çatdıqda 4300 nəfərin işlə təmin olunması planlaşdırılır.
Türkiyənin 60 illik xəyalının həyata keçirilməsi kimi qiymətləndirilən yerli avtomobilin mart ayında satışa verilməsi gözlənilir.