Prezidentlik müddəti başa çatmış Livan Prezidenti Mişel Aun öz postunu tərk edib. Bu ölkədə davam edən ağır sosial-iqtisadi böhran və daxili çəkişmələr fonunda parlament yeni dövlət başçısını seçə bilməyib və dövlət başçısının səlahiyyətlərini Baş nazir Nəcib Mikati yerinə yetirir.
NUHÇIXAN İnformasiya Agentliyi “Lebanon24” telekanalına istinadla xəbər verir ki, xristian dininə mənsub olan 89 yaşlı Mişel Aunun prezidentliyi dövründə Beyrutda 220 nəfərin ölümü ilə nəticələnən partlayış və dərin maliyyə-iqtisadi böhran baş verib. Bununla belə, Livan xalqı onun Hezbollah hərəkatı və xristian icması arasında barışdırıcı mövqeyini təqdir edib. 2016-cı ildə prezident seçilmiş Mişel Aun maronit xristianlar və müsəlmanlar arasında konsensus əldə edə bilib. Bu günlərdə isə Livan qonşu İsrail ilə dəniz sərhədlərinin demarkasiyasına dair saziş imzalayıb.
Xalqa müraciətində prezident postunu tərk etdiyini açıqlayan Mişel Aun bildirib ki, Livanın bu ağır günlərində siyasətlə məşğul olmağa davam edəcək.