Oktyabrın 31-i səhər saatlarında Ukraynanın 18 strateji obyekti rus ordusu tərəfindən atılan raketlər və dron hücumları nəticəsində zədələnib, onların əksəriyyəti enerji obyektləridir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram səhifəsində məlumat verib.
Ukraynanın yeddi bölgəsində yüzlərlə yaşayış məntəqəsi enerjisiz qalıb.
“Bu gün Kiyev və regionda, Çerkassı, Kirovoqrad, Xarkov, Zaporojye və Poltava vilayətlərində elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq edilib. Şəbəkələrin daha sürətli bərpası üçün bütün ukraynalılardan elektrik enerjisinə qənaət etmələri xahiş olunur”, - deyə Şmıqal əlavə edib.
Kiyev yaxınlığındakı enerji obyektinin zədələnməsi nəticəsində paytaxtda istehlakçıların 80 faizi isə susuz qalıb.