Çinin kosmik proqramının vacib mərhələsi olan kosmik stansiyasının quraşdırılması üçün “Mengtian” modulu orbitə çıxarılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 20 ton çəkisi olan modulu orbitə aparan “Böyük yürüş-5B Y4” (Long March-5B Y4) raketdaşıyıcısının buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxta 15:37-də (Bakı vaxtı ilə 11:37) baş tutub. Buraxılışdan 8 dəqiqə sonra modul daşıyıcı raketdən ayrılıb və orbitə daxil olub. Onun yaxın saatlarda “Tiangogn” adlı kosmik stansiyasının əsas modulu ilə birləşəcəyi gözlənilir. Bu, Çinin kosmik stansiyasının 2-ci laboratoriya moduludur.
Çinin kosmosda stansiya yaratmaq proqramının əsas hissəsi olan "Böyük yürüş-5B” tipli raketdaşıyıcıları stansiyanın modullarının quraşdırılmasında istifadə üçün hazırlanıb. Uzunluğu 53,7, diametri 5 metrə çatan raket maye oksigen, maye hidrogen və kerosin yanacağından istifadə etməklə 22 ton yükü aşağı orbitə qaldırmaq gücündədir. Bu tip raketdaşıyıcının kosmosa sınaq uçuşu 2020-ci ilin mayında uğurla baş tutub.
Qeyd edək ki, Çinin kosmik stansiyası idarəetmə mərkəzi, heyətin yaşayış yeri və iki laboratoriya modulundan ibarət olacaq. Quraşdırılması cari ilin sonunda başa çatacaq stansiyanın aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə 10-15 il fəaliyyət göstərməsi nəzərdə tutulub. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların üçündə stansiyanın modullarının, dördündə yük gəmilərinin, digər dördündə isə kosmonavtların uçuşu nəzərdə tutulub. Stansiyanın quraşdırılması üçün ilk insan missiyası (“Şencou-12”) 2021-ci ilin iyununda kosmosa göndərilib və 3 aylıq fəaliyyətdən sonra Yerə qayıdıb. İkinci missiya (“Şencou-13”) ötən ilin oktyabrında orbitə göndərilib və kosmonavtlar 6 ay kosmik stansiyada çalışdıqdan sonra cari ilin aprelində geri dönüb. Bu ilin iyununda isə 3-cü missiya (“Şencou-14”) kosmosa çıxarılıb.
Stansiyanın 22,5 tonluq əsas modulu “Tianhe” (“Səma harmoniyası”) ötən ilin aprelində orbitə çıxarılıb. “Tianhe” kosmik stansiyanın idarəetmə mərkəzi və heyətin əsas yaşayış yeri kimi nəzərdə tutulub. Cari ilin iyulunda orbitə çıxarılan “Wentian” adlı laboratoriya modulu stansiyanın əsas modulu ilə birləşib.
Laboratoriya modulları ilə birlikdə stansiyanın ümumi çəkisi 70 tona çatacaq.