İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı beynəlxalq ictimaiyyətin hər il oktyabrın 31-də qeyd etdiyi Dünya Şəhərlər Günü ilə bağlı müraciət yayıb.
Təşkilatın baş ofisindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olmuş müraciətin mətnində bildirilib ki, bu il “Daha yaxşı şəhər, daha yaxşı həyat” devizi ilə qeyd edilən Dünya Şəhərlər Günündə gündəmdə olan əsas məsələ şəhərlərin və şəhərətrafı ərazilərin abadlaşdırılmasında müasir texnologiyalardan istifadə edilməsi, şəhərsalmada davamlı inkişafa nail olmaq və yaşıl şəhərləri təşviq etmək üçün tərəfdaşlıq və əməkdaşlığın möhkəmlənməsidir. ICESCO bu fürsətdən istifadə edərək, ölkələri, hökumətləri, beynəlxalq təşkilatları, qurumları və vətəndaş cəmiyyəti institutlarını şəhərlərdə ətraf mühitin qorunması, inkişaf siyasəti və proqramlarının təşviqi istiqamətində birgə işləməyə çağırır. Bu kontekstdə “ağıllı” və dayanıqlı şəhərlərə doğru sürətli transformasiyanın dəstəklənməsi və ətraf mühitin mühafizəsi sektorunun maliyyələşdirilməsinə üstünlük verilməsi vacib amillərdir. Bu, eyni zamanda, şəhərlərin sakinləri üçün layiqli həyatın təmin edilməsinə, onların təmiz hava və keyfiyyətli içməli su ilə təmin edilməsinə töhfə verəcək.
Müraciətdə diqqətə çatdırılıb ki, ICESCO İslam dünyasında “ağıllı” və dayanıqlı şəhərlər proqramı çərçivəsində fəaliyyət planı hazırlayıb. Bu sənəddə təşkilata üzv dövlətlərdə müvafiq konsepsiyaları təşviq etmək, təbii ehtiyatlardan istifadəni rasionallaşdırmaq və bərpa olunan enerji mənbələrinə üstünlük vermək tövsiyə olunub.