Ermənistanda sonsuzluq yüksək səviyyədə qalaraq 15 faizlik böhran həddə yaxınlaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının Ermənistanla bağlı hesabatında əksini tapıb.
Ermənistanın keçmiş səhiyyə naziri, İrəvan Tibb Universitetinin rektoru Armen Muradyanın sözlərinə görə, ölkədə sonsuzluq doğulanların sayına təsir edən ilkin amildir: “Problemlə mübarizə strategiyası hazırlanmalı, səbəb və şəraiti öyrənilməlidir”.
A.Muradyan vurğulayıb ki, qadınlarda və kişilərdə sonsuzluğun səbəbləri son dərəcə müxtəlifdir. Rektor kişi sonsuzluğuna orqan tıxanması, hormonal pozulmalar, varikosel və başqa amillərin səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, artıq çəki və pis vərdişlər - siqaret, spirtli içkilərdən həddən çox istifadə reproduktiv funksiyalara təsir göstərir.
Bildirilib ki, Ermənistanda sonsuzluq probleminin səbəbləri bir neçə dəfə araşdırılıb. Sonuncu dəfə belə bir təhlil 2014-cü ildə aparılıb. Məlum olub ki, qadınlar arasında sonsuzluq 16,8 faiz, kişilər arasında isə 5,1 faiz təşkil edir. Bundan başqa 2020-2021-ci illərdə BMT-nin maliyyə dəstəyi ilə ölkədə aparılan araşdırmanın nəticələrinə görə, reproduktiv yaşda olan cütlüklər arasında sonsuzluq 16,8 faiz təşkil edib.
Araşdırmalar onu göstərir ki, Ermənistanda sonsuzluq səviyyəsi böhran həddədir. Bu, demoqrafiyaya təsir edən ciddi amil kimi qəbul olunur.