Bizim NATO-ya zərər vurmaq və yaxud onun genişlənməsinin qarşısını almaq kimi məqsədimiz yoxdur. Türkiyə indiyədək NATO-nun genişlənməsini dəstəkləyən ölkədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlə Ankarada birgə keçirdiyi mətbuat konfransında ifadə edib.
Türkiyəyə qarşı davam edən təhdidlərlə, bu mənada terrorçuluqla mübarizədə dəstəyə ehtiyac olduğunu xatırladan nazir Mövlud Çavuşoğlu deyib ki, NATO sıralarına daxil olmaq istəyən Finlandiya və İsveç müttəfiqlik ruhuna uyğun olaraq terrorçuluqla mübarizədə mühüm addımlar atmalıdır.
Türkiyənin etibarlı NATO müttəfiqi olduğunu, “Taxıl dəhlizi” məsələsində mühüm addımlar atdığını diqqətə çatdıran NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, İsveçin qəbul etdiyi yeni qanunlar bu ölkədə terror təşkilatları ilə bağlı bir sıra məsələləri tənzimləyəcək.
Xatırladaq ki, NATO təşkilatın müttəfiqi olmaq istəyən Finlandiya və İsveçdən terrorçuları dəstəkləməyi dayandırmağı və adları bəlli olan terrorçuları təhvil verməyi tələb edən Türkiyə təəssüflə bildirir ki, ötən dövrdə qarşı tərəflər bu istiqamətdə heç bir real addım atmayıblar.