Pakistanın sabiq Baş naziri və müxalif Ədalət Uğrunda Hərəkat partiyasının lideri İmran Xan ona edilən sui-qəsd nəticəsində hər iki ayağından yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Geo.tv telekanalı siyasətçinin müalicə aldığı klinikanın tibbi heyətinə istinadla məlumat yayıb. “Güllə onun hər iki ayağına dəyib. Sağ ayağını yaralayıb və sol ayağının sümüyünü zədələyib”, - məlumatda belə deyilir.
İmran Xana dünən Qucranvala dairəsinin Vəzirabad şəhərində siyasi yürüş zamanı hücum edilib. Sabiq Baş nazirin rəhbərlik etdiyi "Real müstəqillik uğrunda uzun yürüş" oktyabrın 28-də Pəncab əyalətinin inzibati mərkəzi Lahor şəhərindən başlayıb. Hadisə nümayişçilər Vəzirabadın küçələrində yürüş edərkən baş verib. Hücum edən gənc yük maşınının damında dayanan İmran Xana aşağıdan tapança ilə bir neçə dəfə atəş açıb. İnsident nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb. Siyasətçinin həyatı üçün təhlükə olmadığı bildirilir.
İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postunu tərk edib. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib. Həmin ilin mayından başlayaraq İmran Xanın partiyası hakimiyyətə qayıtmaq üçün kampaniya aparır.