Fransa Prezidenti Emmanuel Makron neftə görə Venesuela dövlət başçısı Nikolas Maduroya münasibətini kəskin dəyişməsinə görə ikiüzlülükdə ittiham edilib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “France24”ə istinadən xəbər verir.
“Bazar ertəsi Misirdə keçirilən ekoloji sammitin kuluarında Makronla Maduro yarım dəqiqə söhbətləşib və bir-birinin əlini sıxıb. Lakin Fransa Prezidentinin indiki münasibəti 2019-cu ildə Maduronu “qanunsuz lider” adlandıran Makronun ilk düşüncələrindən xeyli fərqlənir”, - “France24”də dərc edilən məqalədə bildirilib.
LFI partiyasının lideri Jan-Lük Melanşon da Fransa Prezidentinin yanaşmasının dəyişməsinə diqqət çəkib. O, tviter səhifəsində yazıb ki, neftə olan ehtiyac insanları daha nəzakətli edir.
“Liberation” nəşri isə bunu Makronun Maduro ilə münasibətlərində 180 dərəcəlik dönüş adlandırıb.