Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. Onun vəfatından 84 il ötür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda vəfat edib.
Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Atatürk 1881-ci ilə Salonikidə dünyaya gəlib. O, 1923-cü ildən 1938-ci ildək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk prezidenti olub.
Atatürk Birinci Dünya Müharibəsi əsnasında Osmanlı ordusunda xidmət edib. Çanaqqala cəbhəsindəki döyüşlərdə fərqləndiyinə görə polkovnik, Sina-Fələstin cəbhəsində isə İldırım Orduları generallığına layiq görülüb.
Atatürk Osmanlı İmperiyasının yerində qurulan Türkiyə Cümhuriyyətinin müasir və sekulyar bir milli dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar aparıb. Onun liderliyi altında minlərlə yeni məktəb inşa edilib. İbtidai təhsil pulsuz və zəruri hala gətirilib.
Qadınlara qarşı hüquq bərabərsizliyini aradan qaldırıb. Kəndlilərin ağır vergilərini azaldıb.
1938-ci ildə vəfatına qədər 4 dəfə Türkiyə prezidenti seçilən Atatürk ölkəsində bu vəzifəni ən uzun müddətə icra edən siyasi lider olub.
Atatürkün fəaliyyəti tarixdə oynadığı əhəmiyyətli roluna görə bir çox yazar və tarixçi tərəfindən araşdırılıb və haqqında 379 əsər yazılıb.
Hər il Türkiyədə və xaricdə Atatürksevərlər onu hörmət və ehtiramla yad edirlər. Atatürkü yad etmək üçün dövlət, hökumət rəsmiləri, deputatlar, siyasi partiyaların liderləri, ictimaiyyətin nümayəndələri Anıtqəbiri ziyarət edirlər.