“Airbus” korporasiyası Çinin Tiencin şəhərindəki son yığım müəssisəsində dargövdəli “A321” təyyarələrinin istehsalına başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Airbus China”nın məlumatına istinadla xəbər verir ki, Tiencində “A321” təyyarələrinin istehsalı barədə qərar dünyada, o cümlədən Çində darfüzelajlı “A321” təyyarələrinə tələbin çoxalması ilə bağlıdır. Müəssisədə ilk bu tip təyyarə gələn ilin əvvəlində hazır olacaq.
“A321” təyyarələrinin Tiencindəki son yığım müəssisəsində istehsalı üçün ötən ilin noyabrından hazırlıq prosesinə start verilib. Müəssisədə bu tip təyyarələrin istehsalı “A320” təyyarələrinin yığımına mane olmayacaq.
“Airbus China”nın icraçı rəhbəri Corc Su bildirib ki, 200-dən çox sərnişin daşıya bilən “A321” hazırda “A320” ailəsindən olan ən populyar təyyarədir. Belə ki, “A321” təyyarələri dünyadakı “A320” ailəsindən olan təyyarələrin 60 faizini təşkil edir.
Qeyd edək ki, “Airbus”un Tiencin şəhərində 2008-ci ildən fəaliyyət göstərən son yığım sahəsi şirkətin Tuluza (Fransa), Hamburq (Almaniya) və Alabamadan (ABŞ) sonra dünyada sayca 4-cü istehsal sahəsidir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına əsasən, Çin şirkətləri növbəti 20 il ərzində təxminən 1460 genişgövdəli, 5160 dargövdəli, habelə min ədəd regional cet almalıdır. Bu səbəbdəndir ki, dünyanın iri təyyarə istehsalçıları Çin bazarında yarışa giriblər.